Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi,
maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi
mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii
təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii
sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin
müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb
inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək
Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa
geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi
rəngarəng, dolğun və zəngindir.
Azərbaycan xalqının zəngin
yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti,
gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim
dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir. Təbiidir
ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə milli
siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə
verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində
Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq
olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun
Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın,
Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz,
Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının
bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Xalqımızın
əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən
el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir,
Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş
sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış
qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil,
həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən
qiymətli mənbədir. Azərbaycan ərazisində qazıntılar zamanı
tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ
eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər,
baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində
istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət
növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət
nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və
təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və
hətta geyimləri ilə yaxından tanış ola bilərik.
Xalq
yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini
geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun
bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə
verir. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc
dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan
hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki,
Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar.
Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən
kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid
möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür
yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir
katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş
geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan
hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında
qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim
zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən
əsaslı dəlillərdəndir.
Misdən, tuncdan, qızıldan düzəldilmiş ev
avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif
rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud
olduğunu sübut edir. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış
gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək
təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu
təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə
çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq
sənətinin bir qolu olan xalça sənətinin də nə qədər qədim tarixə malik
olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir. Arxeoloji
materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ
Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində)
məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot,
Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat
vermişlər. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq
məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz)
toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir.
Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur. Təsviri
sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış
Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında
Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə.
3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya
dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan
qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların
həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq
doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər
sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan
təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri -
piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi
çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Azərbaycan qədim
zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir
qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və
Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı
Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın
sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s.
memarlıq sənətinin nadir inciləridir. Qobustan qayaüstü təsvirləri
arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq
doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə
olan marağından xəbər verir. Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya
musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən
Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri
nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi
yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri
olmuşdur. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Azərbaycan
milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir.
Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı
YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil
etmişdir. Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə
inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf
etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının
Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini
oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə,
qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma,
təcnis aşıqların sevimli formalarıdır. Klassiklərimizin və
müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti
xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun,
M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin,
M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın
yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini
itirməmişdir. Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət
növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin
kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin
dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa
elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır.
Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə
bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik
tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının
təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Kökləri qədim
zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin
mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının
vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Mürəkkəb inkişaf
yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib.
Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda
fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında,
Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr
etmək mümkündür. Müasir dövrümüzün ən maraqlı və ən populyar
incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və
onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən
yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin
dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz
ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini
əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər
gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə
çevrilmişdir. Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim
və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi
və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının
yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət
və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması
istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar.
Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs
siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və
kinorejiisor R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və
ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl
işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə
olunması buna əyani sübutdur.