Azərbaycan - doğma yurdum

Baş səhifə | QEYDİYYAT | Giriş
Cümə, 26.04.2024, 12:12
Salamlayırıq sizi Qonaq | RSS
Saytın bölmələri
Bölmənin qrupları
Siyasət [0]
İdman [0]
Mədəniyyət [0]
İncəsənət [2]
Təhsil [0]
Sorğu
Azərbaycanda yaşayış
Всего ответов: 132
Statistika

Cəmi on-line: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Baş səhifə » 2011 » Aprel » 22 » Nizami Gəncəvi
00:51
Nizami Gəncəvi
Azərbaycanda yaşayıb yaratmış şairlərimiz,dahilərimiz çox olub.Bunlardan biri də Nizami Gəncəvidir!!!
                                                                       

Dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik bir sənətkardır. Onun yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanmışdır. Nizaminin misilsiz əsərləri, onun qabaqcıl ideyaları böyük sürətlə Yaxın və Orta Şərqə yayılaraq, bir çox xalqların ədəbiyyatının inkişafına müsbət təsir göstərmiş və bu ecazkar təsir öz qüvvəsini əsrlər boyu saxlamışdır.

 

İlyas Yusif oğlu Nizami 1141-ci ildə Azərbaycanın ən qədim şəhərlərindən Gəncədə anadan olmuşdur. Şairin yazdığına görə onun anası Azərbaycanda yaşayan kürd tayfalarından birinin başçısının qızı imiş. Şairin babası Zəki Müəyyəddinin alim və ya şair olması ehtimal olunur.

 

Yalnız XIX əsrin sonlarından başlayaraq əvvəlcə Macarıstanda və Rusiyada, daha sonra MDB ölkələrində və İranda alimlər Nizaminin elmi tərcümeyi-halını yaratmaq üçün birinci növbədə onun öz əsərlərindən istifadə etmişlər. Başqa məxəzlərin əldə olmadığını nəzərə alsaq, bu yolu ən doğru yol hesab etmək olar. Misal üçün Nizaminin birinci böyük həcmli əsəri "Sirlər xəzinəsi"nin yazılış tarixini alaq. "Xəmsə"nin ayrı-ayrı nüsxələrində bu əsərin yazılış tarixi 1155, 1174 və 1184 göstərilmişdir. Alimlər bu əsərin Ərzincan hakimi Bəhram şaha (116-1225) ithaf olunduğunu və bu əsərlə şairin daha sonra yazmış olduğu əsərlər arasında fasiləni nəzərə alaraq, 1173-1174-cü illəri həqiqətə daha uyğun hesab etmişlər. Professor Y. E. Bertels isə belə bir ehtimal da irəli sürür ki "bu əsər üzərində iş 1173 və 1179-cu illər arasında davam etmişdir. İlk illər daha inandırıcı olardı, çünki Nizami bu əsəri yaşı otuzdan bir az çox olduğu zaman yazmışdır".

 

İndiyə qədər verilən hökmlərin hamısından daha çox elmi görünən bu tarix özü də bəzi dillərə görə şübhə doğurur. Şübhə doğuran səbəblərdən biri budur ki, şair həmin əsərində "əqli ilə sövdalaşan təbiətin qırx yaşa çatmasına müntəzəm olduğunu" göstərir. Buradan da belə bir nəticəyə gəlmək olar ki, şairin yaşı 40-a yaxın imiş. Belə olduqda Bertelsin Nizami tərcümeyihalına dair verdiyi ikinci, daha mühüm məlumatı da şübhəli hesab etmək olar. O yazır: ["Sirlər xəzinəsi"ni ithaf etdiyi Bəhram şahdan Nizamiyə nə kimi hədiyyə çatması naməlum qalır. Lakin başqa bir hökmdar ― Dərbənd hökmdarı, şairin istedadına heyran olduğunu ifadə etmək arzusu ilə ona Afaq adlı qıpçaqlı gənc bir kəniz hədiyyə göndərdi]. Buradan isə qarşıya bir sual çıxır ki, təqribən 40 yaşında Afaqlala evlənən şairin oğlu Məhəmməd 1188-ci ildə, yəni şair 47 yaşında olarkən necə 14 yaşına çata bilərdi? Məlumdur ki, Nizami 1188-ci ildə başlayıb bitirdiyi "Leyli və Məcnun"da oğlu Məhəmmədə nəsihətlə müraciət edərək yazırdı:

 

Sən, ey on dörd yaşlım, hər elmə yetgin!
Gözündə əksi var iki aləmin!
Yeddi yaşar oldun o zaman ki, sən,
Açıldın gül kimi güləndə çəmən.
İndi ki, çatmışdır yaşın on dördə,
Başın sərv kimi durur göylərdə.
Qəflətdə oynama, qeyrət vaxtıdır,
İndi hünər vaxtı, şöhrət vaxtıdır.

[
Nizami, Leyli və Məcnun, Bakı, 1942, səh 41.]

 

Beləliklə də həqiqətə daha yaxın bir ehtimal da söyləmək olar ki, Nizaminin Afaqla evlənməsi "Sirlər xəzinəsi"nin yazılışından qabaq olmuşdur. Hər halda bu izdivac 1172-ci ildən gec olmamışdır. "Sirlər xəzinəsi"ndə rast gəldiyimiz bir sıra işarələr də bu fikri təsdiq edir.

 

Ehtimal etmək olar ki, "Sirlər xəzinəsi"nin giriş hissəsində "İkinci xəlvətin səmərəsi" adlı parçada "orada mənim qəsəb geyinmiş gözəlim qəlbimi qəsəb kimi yaraladı" ― deyə təsvir etdiyi müaşiqə tarixçəsində şair, Afaqın eşqini və özünün ona məhəbbətini qələmə almışdır.

 

Şairin əsərlərində rast gəldiyimiz işarələrdən məlum olur ki, Afaq Nizaminin kasıb komasına həqiqi səadət gətirmişdir. Nizaminin Afaqa olan sevgisi o qədər böyük və mənalı, onunla keçirdiyi həyat o qədər xoşbəxt olmuşdur ki, şair çox tez itirdiyi bu səadəti, Afaqın ölümündən sonra uzun müddət unuda bilməmişdir.

 

Afaq təxminən 1180-ci ildə vəfat etmişdir. Nizami bu ölümdən doğan böyük kədərini həmin ildə bitirdiyi "Xosrov və Şirin" poemasında ifadə etmişdir. Afaq öldükdən sonra Nizami bütün məhəbbətini ilk sevgisindən yadigar qalan yeganə oğlu Məhəmmədə salır.

 

Nizaminin Məhəmməddən başqa evladı olmasına dair məlumata təsadüf edilmir və möhkəm ehtimala əsasən demək olar ki, Məhəmməd şairin yeganə övladı olmuşdur. Nizami bütün əsərlərində Məhəmməd haqqında danışmış, ona atalıq nəsihətləri ilə müraciət etmiş və onun məhəbbəti ilə yaşamışdır. Bu nəsihətlərdən aydın olur ki, Məhəmməd çox gənc yaşlarında şerə həvəs göstərmişdir. Lakin Nizami:

 

Görürəm, şöhrətə ləyaqətin var,
Şerdə, sənətdə məharətin var,
Şairlik eləmə! Dövrə bax ki, bir,
Tərif əvəzinə pislənir şeir.
Şerdən ucalıq umma dünyada,
Çünki Nizamilə qurtardı o da.
[Nizami. Leyli və Məcnun, səh. 41]

 

― deyərək, Məhəmmədi şairlikdən saqındırmış, alim və birinci növbədə həkim olmağa təşviq etmişdir.

 

Nizami bütün ömrü uzunu Gəncədə yaşamış və bu şəhərdən kənara çıxmadığını və ya çıxa bilmədiyini dönə-dönə əsərlərində qeyd etmişdir. Bu qeydlər göstərir ki, Nizaminin, guya ömrünün sonlarına yaxın İraqi-ərəb səyahətinə çıxaraq Xaqani ilə birlikdə Məkkə səfərinə getməsi haqqında yazan müəlliflərin fikri səhvdir və bu fikirlər yalnız əfsanəyə əsaslanır. Ümumiyyətlə Nizaminin həyatına dair əfsanələr çox olmuş, lakin həmin əfsanələrin uydurma olduğunu Nizaminin öz əsərləri təsdiq edir.

 

Nizaminin həyatına dair uydurmalardan biri, guya Qızıl Arslanın Gəncəyə gələrək, şairin görüşünə getməsidir. Bu əfsanədə Nizami möcüzə göstərmək qabiliyyətinə malik bir sufi şeyxi kimi, bir zahid və övliya kimi təsvir olunur və demək olar ki, ayrı-ayrı təzkirə sahibləri və daha sonra Avropa və Şərq tədqiqatçıları tərəfindən şairi tərkdünya, sufi kimi tanıtdırmaq cəhdləri də müəyyən dərəcədə həmin əfsanəyə əsaslanmışdır. Həqiqətdə isə Nizami Qızıl Arslanla yalnız bir dəfə, Gəncədə öz evində deyil, Gəncənin yaxınlığında Eldəgiz hökmdarının düşərgəsində görüşmüşdür. Şaie "Xosrov və Şirin" əsərində bu görüş haqqında geniş və aydın məlumat vermişdir. Nizami Qızıl Arslanın dəvəti ilə onun yanına getmiş, "Xosrov və Şirin"i hökmdara təqdim etmiş, ondan böyük hörmət görmüşdür. Həmin bu görüş nəticəsində Qızıl Arslan Həmdünyan kəndini şairə bağışlamışdır. Şairin öz verdiyi məlumata görə, bu kənd, Dərbənd hökümətinin Nizamiyə göndərdiyi Afaqdan sonra ikinci hədiyyədir. Bu hədiyyə ilə əlaqədar olaraq həm təzkirəçilər, həm də Nizami tədqiqatçılardan bəziləri şairin tərcümeyi-halına yeni uydurmalar əlavə etmişlər. Onlardan bəziləri bu kəndi heç bir əsas olmadan iki kənd kimi göstərmişlər. Qızıl Arslanın "hədiyyəsindən" danışanların hamısı nədənsə şairin bu kənd haqqında aydın mülahizələrini nəzərə almadan Nizaminin güya bu kənddən və ya kəndlərdən əldə etdiyi gəlirlə yaşadığını iddia etmişlər. Nizami isə Qızıl Arslanın ona bağışladığı Həmdünyan kəndi haqqında yazmışdır:

 

Kənd nə kənd, andırır dar dar bir kürəni,
Yarımca ağacdır uzunu, eni.
Gəlirindən artıq onun xərci var,
Yaralığa əkər onu abxazlar.
[Nizami. Xosrov və Şirin, səh. 381]

 

Şairin daha sonra yazdığı əsərlərdən aydın görünür ki, Həmdünyan kəndi onun maddi vəziyyətini yaxşılaşdıra bilməmişdir və çox mümkündür ki, ya Qızıl Arslanın hökmü kağız üzərində qalmış, kənd şairə verilməmişdir, ya da Nizami bu faydasız "hədiyyədən" özü imtina etmişdir.

 

Şairin əsərlərindəki bir sıra işarələrdən belə bir nəticəyə gəlmək olar ki, Nizami şer sənətinə yeganə təminat mənbəi kimi baxmamış, nə isə başqa bir ixtisasın da sahibi olmuşdur. "Leyli və Məcnun" əsərinin müqəddiməsindən aydın olur ki, Nizami şairliklə yanaşı başqa bir işlə də məşğul olurmuş:

 

Dörd min beytdən də çoxdur bu dastan,
Dörd aydan az vaxtda yazmışam, inan!
Əgər başqa işlər olsaydı haram,
Bu, on dörd gecəyə olardı tamam.
[Nizami. Leyli və Məcnun, səh. 27]

 

Nizaminin şairlikdən başqa bir işlə də məşğul olması və həyatının bütün dövrlərində maddi ehtiyac hiss etməsinə dair onun bütün əsərlərində işarələr vardır.

 

Şairin həyatı, onun müasirləri olub, bu və ya digər dərəcədə sarayla əlaqədar olan başqa şairlərə nisbətən sakit və macərasız keçmişdir. Yəni o, "başını hökmdarların qılıncının altına vermək istəmədiyindən", bu qılıncın təhlükəsini nisbətən az duymuşdur. Lakin böyük sənətkarın yazılarından aydın olur ki, onu da həyəcanlandıran, əsəbləşdirən amillər olmuşdur. Bu amillər birinci növbədə Nizaminin dühası və istedadı qarşısında acizliklərini hiss edən, onu güclü rəqib kimi görən saray şairlərinin həsəd və intriqalarından irəli gəlirdi. Nizami, bütün poemalarında onun "süfrəsinin töküntüsü" ilə qidalanan, eyni zamanda onun ayağı altında quyu qazan "bu ədəbiyyat oğrularından" şikayətlənmişdir. Bu şikayət "Leyli və Məcnun" poemasından başlayaraq xüsusi ilə güclənmişdir. Bu mövzuda yazılmış parçalar göstərir ki, şair ona qarşı düşmənçilik münasibəti bəsləyən söz oğruları ilə gərgin mübarizə şəraitində yaşamağa məcbur olmuşdur. Nizami kimi təvazökar və nəcib bir insanın bəzən öz hünəri, istedadı haqqında fəxriyyə yazması da məhz ləyaqətini, öz heysiyyətini şərəfsiz adamların sui-qəsdindən müdafiə etmək cəhdlərindən irəli gəlirdi.

 

Nizami hələ gənc yaşlarından saray şairlərinə, şerin şərəfini satan "söz bəzəyənlərə" nifrət bəsləmiş və onların çirkin əməllərini dərk etdiyi üçün saray həyatından uzaqda qalmağa çalışmışdır. "Sirlər xəzinəsi"ndə sözün, sənətin məziyyətlərindən bəhs açan şair məddahlığa, yaltaqlığa meyl edən şairləri amansız qamçılayaraq yazırdı:

 

O kəslər ki, qızılçın ölüb əldən gedirlər,
Sözünsə sikkəsini qızılla məhv edirlər...
Bir sözlə, bu pulpərəst, küt şairlər ki, vardır,
Yüksək yer tutsalar da, ən alçaq adamlardır.
[Nizami. Sirlər xəzinəsi, Bakı, 1953, səh. 39]

 

Nizami yaşa dolduqca özünə qarşı daha artıq tələbkar olmuşdur. "Yeddi gözəl" və "İskəndərnamə" əsərlərindəki qeydlərdən anlaşılır ki, şair qoca çağlarında da mütaliədən əl çəkməmiş, hər bir əsərini yazmaq istərkən yüzlərlə kitab oxumuş və müxtəlif yazılı mənbələrlə tanış olmuşdur:

 

Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim elə.
Ərəbcə, dəricə, yeri düşürkən,
Buxari, Təbəri əsərlərindən
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
[Nizami. Yeddi gözəl, səh. 14]

 

Şair öz həyatında baş verən hadisələr haqqında əsərlərində şərh verməyə çox az meyl etmişdir. O, ancaq bilavasitə yaradıcılıq işləri ilə və ya əsərlərinin talei ilə əlaqədar olan məsələlər haqqında izahat verir. Poemaların hər birində "Öz əhvalım haqqında" verilən parçalarda belə, bir qayda olaraq, şair həyatının necə keçdiyindən asılı olmayaraq, ancaq yazıb yaratmaq arzusunda olduğunu söyləyir.

 

Nizaminin əsərlərində ağır bir dərdin, kədərin ifadəsinə də təsadüf edilir. Bəzən şair həyatdan, zəmanədən və öz vəziyyətindən şikayətlənir. Nizaminin təsəvvüfə meyl etdiyini iddia edənlər də çox zaman bu kimi motivlərə əsaslanırlar. Lakin bu şikayətlər və həyatdan küskünlük motivləri Nizaminin əsərlərinə onun şəxsi əhval-ruhiyyəsindən deyil, həyatdan gəlir. Onun kədəri ictimai kədərdir. Bu fikrin doğruluğu xüsusi ilə o zaman özünü göstərir ki, şair bilavasitə xalqın, ölkənin vəziyyətindən və öz vətəni Azərbaycana üz vermiş təbii və ya ictimai fəlakətlərdən bəhs açır. Bərdənin xərabazara çevrilməsi və Gəncə zəlzələsi hadisələrinin təsvirinə həsr edilmiş parçalar bunun üçün ən yaxşı dəlildir. Nizami "Yeddi gözəl" və "İskəndərnamə" poemalarında qocalıqdan şikayət edir, gənclik həyatının ona qaytarılmasını dərin həsrətlə arzu edərək yazır ki, əgər gəncliyin qayıtması mümkün olsaydı, o yenə də ömrünü daha səmərəli yaradıcılıq işlərinə sərf edərdi. Qocalıqdan şikayət motivlərinə onun bəzi lirik şerlərində də təsadüf edirik. Ancaq bu şikayətlərə baxmayaraq, Nizami qocalıq qarşısında belə təslim olmamış və ömrünün son illərini və bəlkə də son günlərini də səmərəli yaradıcılıq işlərinə həsr etmiş və ən qoca çağlarında dərin fəlsəfi məzmun və yüksək bədii qiymətə malik olan əsərlərini yaratmışdır.

 

Nizami Gəncəvi 1209-cu ildə doğma şəhəri olan Gəncədə vəfat etmiş və orada dəfn edilmişdir. Əsrlər uzunu xalq kütlələri tərəfindən əziz və müqəddəs sayılaraq mühafizə edilən Nizami qəbri üzərində möhtəşəm məqbərə tikilmişdir.

                                             

Просмотров: 977 | Добавил: ashraf | Reytinq: 5.0/1
Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giriş ]
Saytda axtarış
****




Təqvim
«  Aprel 2011  »
B.e.Ç.a.Ç.C.a.CŞB
    123
45678910
11121314151617
18192021222324
252627282930
Yazıların arxivi
Faydalı keçidlər
  • 283 saylı məktəbin saytı
  • Bizim kino-283studio

  • Copyright 283-AİSS © 2024 | Конструктор сайтов - uCoz